Showing posts with label xatirələr. Show all posts
Showing posts with label xatirələr. Show all posts

Albalı ağacı vardı həyətimizdə. Böyük çətiri, iri gövdəsi vardı...
İlk baharda yaşıllaşar-çəhrayılaşar, payız gələndə saralar-bozarardı hər zaman.
Bəzən yanılardı-səhv salardı fəsilləri... qışda erkəndən oyanar, bəzənərdi çiçəklərlə...
Qarşıdan gələn şaxtadan xəbərsiz sevinərdi öz-özünə...
Sonra ani sərt bir çovğun uyudardı onu yenidən...
Hər zaman tələsərdi... Ən tez çiçəkləyərdi-bəzəyərdi ətrafı,
Oyadardı  insanların donmuş duyğularını şən görünüşüylə...
Çağırardı ətrafına quşları, böcəkləri,
Yazın şirin nəfəsində baş-başa verib oxuyardı şirin nəğmələr...
Yay keçər al-qırmızı albalılar dərilərdi kiçik əllərlə, üstünə çıxan 2 dəcəl. şən uşaq tərəfindən:
“mənə də-mənə də!”-deyərdi 1i həmişə...

Şirin xatirələrimlə baş-başa...




Bu yollar... Sanki uzaq bir dostumu görər kimi sevindirir məni. Sanki illər əvvəl tutub da saxlaya bilmədiyim əllərimdən uçub gedən uşaqlığımı geri qaytarar kimi... İllər öncə hər gün ayaq döydüyüm, bəlkə də artıq bu yollarda irəliləməkdən bezdiyim bu uzun və cansıxıcı yollar indi mənə necə də əziz, qısa və... O zamanlar anamın əllərimdən tutub hürkək addımlarla irəlilədiyim yolları bu dəfə yenə də anamla irəliləyirəm. Amma bir fərq var indi o hürkək basan xırdaca ayaqları, daha möhkəm, yerə daha sağlam basan addımlar əvəz edir. Mən isə bunları, ümumiyyətlə hər şeyi o hürkək addımlara böyük məmnuniyyətlə dəyişərdim.