Şirin xatirələrimlə baş-başa...




Bu yollar... Sanki uzaq bir dostumu görər kimi sevindirir məni. Sanki illər əvvəl tutub da saxlaya bilmədiyim əllərimdən uçub gedən uşaqlığımı geri qaytarar kimi... İllər öncə hər gün ayaq döydüyüm, bəlkə də artıq bu yollarda irəliləməkdən bezdiyim bu uzun və cansıxıcı yollar indi mənə necə də əziz, qısa və... O zamanlar anamın əllərimdən tutub hürkək addımlarla irəlilədiyim yolları bu dəfə yenə də anamla irəliləyirəm. Amma bir fərq var indi o hürkək basan xırdaca ayaqları, daha möhkəm, yerə daha sağlam basan addımlar əvəz edir. Mən isə bunları, ümumiyyətlə hər şeyi o hürkək addımlara böyük məmnuniyyətlə dəyişərdim.


Ah görəsən mən o illər bunları necə düşünməmişəm, necə olub ki bu gözəlliklərin fərqinə varmamışam. İnsan həmişə belədir, heç vaxt əlində olanın qədrini bilmirsən.
Bəlkə mən də qədrini bilsəydim o yel qanadlı illərin əllərindən tutub saxlayar, getmə, yalvarıram biraz da qal deyə hayqırardım.
İndi isə onlar mənə necə də uzaq və əlçatmaz xəyallardır. Şirin bir yuxu kimi, yaşadığımı və ya yaşamadığımı belə ayıra bilmədiyim şirin xəyallar...
Amma sadəcə bir təsəllim var: onlar yalniz mənim xatirələrimdir və bu xatirələri isə mənim əlimdən nə illər, nə də əsrlər ayıra bilər!

2 comments:

Şəbnəm said...

Həqiqətən də insan böyüdükcə uşaq vaxtı uzun, enli olan o yollar, küçələr, evlər, ağaclar - hamısı balacalaşırlar. İnsan özünə dəyərli olanları da zamanla aydınlaşdırır. Ha tez, ha gec!

Eltaj said...

Heyif... Həqiqətən onları balacalığımızda olduğu kimi saxlaya bilsəydik kaş ki...