Airbnb nədir?


Airbnb haqqında bir çoxlarının yəqin ki, məlumatı var.
Olmayanlar və sadəcə ordan-burdan eşidənlər üçünsə, biraz məlumat verəcəyəm və bu saytdan necə öz xeyrimizə istifadə etmək və gəlir əldə etmək olar deyə yazacağam.
Airbnb normalda əsasən istifadəçilər tərəfindən işlədilən bir “accomodation”(məşkən, yer) saytıdır. Belə ki, bu sayt vasitəsilə siz səyahət edərkən kiminsə evini və ya otağını kiraləyə və ya öz otağınızı kirayələyə bilərsiniz. Amma əlbəttə ki, Airbnb ilə normal kirayə saytlarını heç cür qarışdırmamaq lazımdır. Bu sayt vasitəsilə adətən səyyahlar üçün və əsasən günlük sifarişlər olunur. Airbnb-nin ən gözəl qismi isə, qonaq edən və qonaq olan hər ikisi də bir-biri haqqında şərh yaza bilir, və bu ictimai olaraq görünür ki, əgər hansısa bir tərəf qeyri-etik və ya narahat bir şey edibsə, digər şəxslər üçün də bu görünür, və həmin şəxsin reytinqi aşağı düşür. Bu isə o deməkdir ki, bu şəxs gələcək dəfə kiminsə evində qonaq olmaq üçün sorğu göndərdiyində, qəbul olunmamaq şansı daha da yüksəlir.
Airbnb-nin ən gözəl qismi, onun ənənvi hotellərdən ucuz və hostellərdən qismən baha olsa da, hər ikisindən daha yaxşı bir mühit və təəssurat yaratmasıdır. Belə ki, əsasən də səyahət edirsinizsə, deməli, həmin ölkənin mədəniyyəti ilə də tanış olmaq istəyirsiniz. Və yerli xalqın qonağı olmaq bu mədəniyyəti öyrənmək üçün ən gözəl addımdır. Bundan əlavə, qonaq olduğunuz ev, əslində ailə və ya yerli insanların evləri olduğu üçün, daha isti münasibət və kommersiya məqsədi olmayan məsləhətlər ala bilərsiniz.

Gəlin indi isə, keçək texniki qismlərinə. Airbnb ilə necə qonaq olmaq olar? Və Airbnb ilə necə evinizi kirayə etmək olar?
Əvvəlcə təbii ki, hər ikisini etmədən öncə Airbnb ilə bir hesab açmaq lazımdır. Bu sadə prosedur Facebook vasitəsilə qeydiyyat etməklə də aparıla bilər. Bundan sonra isə, Airbnb sizdən bir neçə xırda detal və əlavə bir neçə şəkil istəyəcək ki, bu da insanların bir-birinə güvənini artırmaq və təhlükəsizlik məqsədilə atılan bir addımdır. Bundan sonra, axtarış bölməsində gedəcəyiniz ölkə və şəhəri qeyd edirsiniz və beləcə sizin qarşınıza müxtəlif qiymətlərdə evlər və otaqlar çıxır. Nəzərinizdə saxlayın ki, Airbnb qaydalarına görə bir otaq və ya ev  günlük 8 eurodan aşağı verilə bilməz və axtarış edərkən təəccüblənməyin. Bundan sonra, istədiyiniz evləri seçirsiniz, və onların bir-bir şərhlərinə oxuyursunuz. Bəzi hallarda, evlərdə bəzi nasazlıq və s. olduğu halda qonaqlar şərhlərdə bu cür bilgiləri dərhal bildirirlər. Ümumiyyətlə isə, çalışın haqqında şərh olmayan evi kirayə tutmayasınız. İstisna hal sadəcə, əgər o ev və ya otaq yenicə Airbnb qeydiyyatı edibsə ola bilər. Bundan sonra isə gəlir ev sahiblərinə sorğu göndərmək. Bu 2 cür olur. Bəzən bəzi ev sahibləri avtomatik olaraq sorğu göndərmədən, sadəcə olaraq, pul ödənişini etməklə (bu barədə təhlükəsizlik haqqında da məlumat verəcəm) kirayələmə imkanı verirlər. Bu halda sadəcə kart detallarınızı yazmaqla yerinizi sifariş etmiş olursunuz. İkinci daha çox istifadə edilən hal isə, əvvəlcə ev sahibinə öz haqqınızda qısa məlumat və gəliş səbəblərinizi deməklə, evi sifariş etmə xahişi göndərməkdir. Bu halda, ev sahibi sizin sorğunuza müsbət və ya mənfi cavab verə bilər. Narahat olmayın, əgər sizin profilinizdə hər şey qaydasındadırsa, və ev sahibinin heç bir yerə getmək və s. planı yoxdursa çox hallarda müsbət cavab alacaqsınız. Amma, mənfi cavab alsanız belə nəzərə alın ki, kimsə sizi öz evinə alır, və bu zaman öz təhlükəsizlik və rahatlığına da tam əmin olmalıdır. Və bu addım keçib sizi qəbul etdikdə isə, sizinçün pul ödəmə qismi aktivləşir və siz pul ödəyərək yerinizi sifariş verə bilərsiniz.
İkinci hal isə, evinizi Airbnb-də necə kirayə edə bilərsiniz? Bu da çox sadə bir prosedurdur. Airbnb qeydiyyatı etdikdən sonra əsas səhifədə yuxarı qismdə “host” sözünü görəcəksiniz. Buraya kliklədiyinizdə isə, evinizi kirayələmək üçün qeydiyyat qismi çıxacaq. Bu zaman siz, eviniz üçün başlıq seçib bundan sonra isə, şəkillərini yükləməklə, Airbnb-də evinizin və ya otağınızın görünməsinə nail olacaqsınız. Yuxaarıda da qeyd etdiyim kimi, Airbnb şərtlərinə görə ən aşağı qiymət günlük 8 euro ola bilər. Amma siz həftəlik və ya aylıq rezervasiyalarda endirimlər də təklif edə bilərsiniz ki, bu da sizin evinizə maraq olmasına səbəb olar. Evinizi kirayə edərkən, heç bir şeydən çəkinməyin. Belə ki, əgər eviniz balacadırsa, və kimsə qonaq sizinlə eyni yataq otağında və ya salonda qalmalıdırsa belə, bunu qeyd edin ki, ehtiyacı olan şəxs bu halla belə razılaşacaq. Və yaxud da, sadəcə qadınlara və ya sadəcə kişilərə kirayələyirsinizsə bunu belə qeyd edin. Çalışın, eviniz haqqında hər şeyi Airbnb-də paylaşasınız ki, qonaqlarınız gələndə artıq və ya əksik ümidlərlə gəlib sizin haqqınızda pis şərh yazaraq reytinqinizi aşağı salmasınlar. Bundan əlavə, kirayə qiymətini qeyd edərkən, əvvəlcə həmin şəhər və ya ərazidəki kirayə yerlərin Airbnb-dəki qiymətinə baxın ki, sizin qiymətiniz onlardan çox yüksək olmasın. Məsələn əgər siz evinizi 20 euroya kirayə verirsiniz, və eyni şəhərdə kimsə 10 euroya kirayə verirsə, təbii ki, həmin şəxsin daha çox qonağı olacaq nəinki sizin. Amma bu yenə də vəziyyətə görə dəyişir. Məsələn, əgər sizin eviniz daha genişdir, kondisioneri var, və siz həm də səhər yeməyi və ya günorta yeməyi də verməyi öz öhdənizə götürürsünüzdə (bunlar vacib deyil amma edə də bilərsiniz) bu zaman sizin eviniz 20 euroya dəyər deməkdir və olduğu kimi saxlaya da bilərsiniz.
Gələk bir məsələyə də. Nə üçün evinizi Airbnb ilə kirayə verməlisiniz? 1cisi, əgər evinizdə boş otağınız və ya yeriniz varsa, niyə də həmin yerdən pul qazanmayasınız? Özü də ki, Airbnb kimi təhlükəsizliyə tam təminat verməyə çalışan bir program üzərindən. Bundan əlavə Airbnb ilə qonaq olan insanlar, çox hallarda səyyahlar-turistlər olurlar və hər zaman da özləri ilə maraqlı hekayələrini gətirirlər. Beləcə siz, evinizdə oturarkən müxtəlif ölkə və mədəniyyətlərdən insanlarla tanış olur və istəyirsinizsə onlarla maraqlı vaxt keçirə bilir və özünüzə dostlar qazanırsınız. Mənim ən sonuncu Airbnb qonaqlarım 1 Azərbaycanlı və 1 Amerikalı idilər. Onlara şəhəri gəzdirdik, maraqlı oyunlar oynadıq, yeməyə çıxdıq, bolca söhbət etdik və həqiqətən də maraqlı bir vaxt keçirdik. Və ən əsası, əlavə dostlar qazandım. Niyə də yox?
İndi əsas suala gələk: bəs siz pulu ödədikdən sonra, həmin şəxs pulu götürüb sizi evinə qəbul etməsə necə? Airbnb qaydalarına görə, sizin həmin şəxs üçün ödədiyiniz pul, siz həmin evə gedib checkin etmədiyiniz müddətdə, ev sahibinin hesabına keçmir. Belə ki, siz əgər evə getsəniz və həmin şəxs sizi qəbul etməzsə, bu zaman siz Airbnb sayt işçilərinə bu barədə məlumat verə bilirsiniz və beləcə öz pulunuzu geri ala bilirsiniz. Əgər belə bir uğursuz halla qarşılaşırsınızsa isə, çox vaxt Airbnb sizinçün ekstra hədiyyə kuponu və s. də verə bilir ki, siz təcili surətdə qalmaq üçün başqa bir yer tapa bilərsiniz. Və ev sahibinə isə cəza sorğusu göndərir ki, həmin ev sahibi də sayta müəyyən məbləğ cəza pulu ödəməli olur. Yəni, heç bir halda bu barədə narahat olmayın. Sayt həm sizin tam təhlükəsizliyinizi həm də müştəri kimi haqlarınızı qoruyur.
Bundan əlavə, əgər siz bir kirayəçinin avtomatik qeydiyyat etməsinə icazə vermisinizsə bu da təhlükəsizdir. Belə ki, Airbnb bucür qeydiyyat etməyi hər kəsə icazə vermir. Bu sadəcə, şəxsiyyət vəsiqəsini, telefon nömrəsini, kartını təsdiqlətmiş və Airbnb-dəki bütün məlumatları doldurmuş şəxslər üçün aktiv olur. Belə ki, həmin şəxslərin həssas məlumatları da Airbnb-nin əlində olur ki, bu da təhlükəsizliyi artırır. Yox siz hələ də inanmırsınızsa, bu zaman hər kəsin sizə şəxsən yazması qaydasını qoya bilərsiniz və beləcə sizə gələn sorğularda insanların profillərini şəxsən yoxlayaraq ondan sonra onları qəbul edə və ya etməyə bilərsiniz.

Ümid edirəm ki, əsas məlumatları sizinlə paylaşa bildim, və siz də Airbnb kimi gözəl bir saytdan yararlana, qonaq gedə və qonaq qəbul edə bilərsiniz :) 
Uğurlar!

No comments: